Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
30 Mart , 2021
Rafiq Fərzi oğlu Babayev 1936-cı il mart ayının 31-də Bakı şəhərində anadan olmuşdur. 1943-cü ildə musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini məhz bu məktəbdə yaratmışdır. 1950-ci ildə həmin məktəbi bitirərək, A.Zeynallı adına Musiqi məktəbinin fortepiano sinfinə daxil olmuş, R.S.Levinanın sinfində təhsil almışdır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində çalışmışdır. O, caz musiqisi ilə də maraqlanmış və improvizasiya ustalığını təkmilləşdirmişdir. 1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr etmişdir. 1959-cu ildə Rafiq Babayev konservatoriyanı bitirib rəhbərlik etdiyi caz-instrumental ansamblı ilə keçmiş Sovet İttifaqı ölkələrinə uzunmüddətli qastrol səfərinə çıxmışdır. Görkəmli müğənni Rəşid Behbudovla tanışlıq onun həyatında böyük rol oynamışdır. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda R.Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilmişdir. R.Behbudovla birgə teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlamışlar. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında onun ansamblı laureat olmuş, “Bayatıkürd” ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilmişdir. Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri) və başqa peşəkar musiqiçilər fəaliyyət göstərmişlər. 1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini yaratmış və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası təşkil etmişdir. Folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərini - Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaratmışdır. 1993-cü ildə görkəmli musiqiçi, bəstəkar, oranjimançı Rafiq Babayevə Azərbaycanın “Xalq artisti” fəxri adı verilmişdir. 1994-cü il mart ayınının 19-da erməni ekstremistlərinin Bakı metropoliteninin “20 Yanvar” stansiyasında törətdikləri terror aktı nəticəsində partlayış baş vermiş, onlarla günahsız həmyerlimiz kimi Rafiq Babayev də faciəli şəkildə vəfat etmişdir. 25 saylı uşaq musiqi məktəbi onun adını daşıyır. Haqqında “Kədərimiz... Vüqarımız... (1998), “Günorta qatarı” (2003) filmləri çəkilmişdir.