Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
19 May , 2021
Sabir Xudu oğlu Rüstəmxanlı 1946- cı il may ayının 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Onbirillik məktəbi bitirdikdən sonra 1963-1968-ci illərdə ADU-nun (indiki BDU) filologiya fakültəsində təhsil almışdır. On bir yaşında yazdığı “Kəndim” adlı ilk şeiri 1957-ci ildə “Yeni kənd” rayon qəzetində dərc edilmişdir. 1964-cü ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Kənd yolu” şeiri ilə ədəbi mühitə qədəm qoymuşdur. 1967-1978-ci illərdə əmək fəaliyyətinə “Ədəbiyyat və incəsənət” qəzetində kiçik ədəbi işçi kimi başlamış, sonralar ədəbi işçi, xüsusi müxbir, teatr və kino, tənqid və ədəbiyyatşünaslıq şöbələrinin müdiri, 1978-1990-cı illərdə “Yazıçı” nəşriyyatında incəsənət redaksiyasının müdiri, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışmışdır. Sabir Rüstəmxanlı 1976-cı ildə “Molla Nəsrəddin və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibliyinə seçilmişdir. 1989-1991-ci illərdə Müstəqil demokratik mətbuatın öncüllərindən olan “Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş, həmçinin Qaçqınlarla İş Üzrə Komissiyanın sədri vəzifəsində çalışmışdır. 1991-ci ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya naziri təyin olunmuş, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gələrək həmin vəzifədən istefa vermişdir. 2005, 2010 və 2020-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə deputat seçilmişdir. Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatının inkişafında, onun zənginləşməsində xidmətləri əvəzsizdir. Onun “Tanımaq istəsən” (1970), “Sevgim, sevincim” (1974), “Ömür kitabı” (1988), “Atamın ruhu” (2002), “Xətai yurdu” (2003), “Akademikin son əsəri” (2017), “Astar” (2018) və başqa kitabları bu gün də Azərbaycan oxucusunun sevərək oxuduğu kitablardandır. Sabir Rüstəmxanlı “Babadağ” (2006), “Payızın 17 anı” (2007), “Zəlimxan dastanı” (2007), “Cavad xan” (2007) və s. bədii filmlərin ssenari müəllifidir. Əsərləri dünya xalqlarının bir çox dillərinə tərcümə olunmuşdur. 1992-ci ildə “Vətəndaş həmrəyliyi” partiyasını yaratmış və bugünədək onun sədridir. Sabir Rüstəmxanlı 1982-ci ildə Azərbaycan komsomolu mükafatı, 1989-cu ildə isə M.F. Axundzadə adına ədəbi mükafatın laureatı olmuş, 1990-cı ildə Azərbaycan Jurnalistlər Birliyinin mükafatına, 1993-cü ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdür. 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərmanıyla “Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Xalq şairi” fəxri adına layiq görülmüşdür.