Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
25 May , 2021
Ofeliya Hacağa qızı Sənani 1941- ci il may ayının 26-da Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə hələ 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlamışdır. Daha sonra ADU-nun (indiki BDU) filologiya fakültəsinin axşam şöbəsində ali təhsil almışdır. 1959-1975-ci illərdə bir sıra radio tamaşalarında baş rolları səsləndirmişdir. Ofeliya Sənani 1975-ci ildə televiziyada diktor kimi fəaliyyətə başlamış və 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülmüşdür. Eyni zamanda 1960-1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanını - “Yeddi oğul istərəm” (1970 - Humay), “Tütək səsi” (1978 - İsmət), “Qaynana” (1978 - Sevda) və b. qəhrəmanları səsləndirmişdir. Bir neçə filmdə rol almış - “Dağlarda döyüş” (1967), “O qızı tapın” (1970), “Ulduzlar sönmür” (1971) və s. bədii filmlərində, “Mücrü” (1973), “Bakı bulvarı” və s. televiziya filmlərində çəkilmişdir. Azərbaycan radiosunda onun səsləndirdiyi “Biləyən” verilişi uzun illər balaca dinləyicilər tərəfindən böyük maraqla dinlənilmişdir. Onun ifasında neçə-neçə audio nağıllar hazırlanmışdır. Azərbaycan televiziya və radiosunun Qızıl fondunda isə onun səsi ilə yazılan müxtəlif mövzulu yüzlərlə veriliş var. Ofeliya Sənani Azərbaycan efir məkanında diktor məktəbinin aparıcı şəxsiyyətlərindən biri kimi yeni diktor nəslinin yetişməsində böyük rol oynamışdır. Kütləvi informasiya vasitələrinin mühüm qollarından biri olan Milli Televiziyanın inkişafındakı xidmətlərinə görə Ofeliya Sənani 1975-ci ildə “Əməkdar artist”, 1991-ci ildə isə “Xalq artisti” fəxri adlarına, 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Fərdi təqaüdə layiq görülmüşdür.