14 İyun , 2021
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən
təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdi.
1993-cü il iyunun 4-də Gəncədə
polkovnik Surət Hüseynovun nəzarəti
altında olan hərbi hissənin hakimiyyətə
itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik
addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdür.
Qiyamçı hərbi hissənin rəhbərliyi,
əvvəlcə Baş nazir və Milli Məclis
sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdir. Vəziyyət nəzarətdən
çıxmış, ətraf rayonların icra başçıları
zorla dəyişdirilmiş, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq üzü Bakıya doğru
geniş miqyas almışdır. Belə böhranlı
və ağır vəziyyətdə ölkə vətəndaşları
yeganə çıxış yolunu yenə də müdrik
rəhbərinin hakimiyyət sükanı arxasına
keçməsində görmüşdür. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs
verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər
Əliyev Bakıya dönərək respublikada
yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli
fəaliyyətə başlamışdır.
Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç
bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin
qarşısının alınmasında mühüm addım
olmuşdur. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə Ulu Öndər
parlamentdə səslənən təkidli xahişləri,
ən əsası xalqın istəyini nəzərə alaraq o
zamankı Azərbaycan Respublikası Ali
Sovetinin Sədri vəzifəsinə seçilməsinə
razılıq vermişdir. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan
qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir. Beləliklə də,
15 iyun Azərbaycanın tarixinə Milli
Qurtuluş Günü kimi daxil olmuşdur.
Ulu Öndərin 1993-cü ilin 15 iyun
tarixində Ali Sovetin Sədri seçilməsi
Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir.
Heydər Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması
tədbirlərinə başlamış, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi
çəkişmələrin, qeyri-etik davranışların qarşısını almışdır. Müzakirə və
diskussiyaların sivil, demokratik meyarlar çərçivəsində aparılması üçün
şəxsi nümunə göstərmiş, parlament
idarəçiliyinə yeni ruh və müasirlik
gətirmişdir. Milli Məclisin iclasları,
mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla
televiziya ekranlarına verilmişdir.
1997-ci ildə millət vəkilləri 15
iyun tarixinin təqvimə Azərbaycanın
Qurtuluş Günü kimi salınması təklifi
ilə çıxış etmişlər və Milli Məclis bu
təklifi bəyənmişdir. O vaxtdan Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı günü Milli Qurtuluş Günü kimi
qeyd edilir. Azərbaycan xalqı bu günü
Ulu Öndər Heydər Əliyevin məzarını
ziyarət etməklə anır.