Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
25 İyun , 2021
26 iyun tariximizin əlamətdar səhifələrindən biri - Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etmişdir. Milli Ordunun yaranması Azərbaycan xalqının milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri idi. Məhz güclü, nizami ordu 1918-ci il may ayının 28-də elan edilmiş istiqlalın bütün ölkə ərazisində qələbə çalmasını təmin edə bilərdi. Artıq iyun ayının əvvəlində Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti əksəriyyəti ermənilərdən ibarət olan 20 minə yaxın döyüşçü ilə cümhuriyyətə qarşı savaşa başlamışdır. Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq idi. Lakin daşnaklar buna nail ola bilmədilər. İyun ayının 26-da ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul edilmiş, Azərbaycan Milli Ordusunun təməli qoyulmuşdur. General S.Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olunmuşdur. 1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ olmuşdur. Ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırılmışdır. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. 1920-ci ilin aprel ayında XI Qızıl Ordu Azərbaycan sərhədlərinə yaxınlaşmış və A.Mikoyan başda olmaqla Bakı bolşevikləri rus ordusunu Bakıya çağırmışdır. Milli Ordunun sərhəddəki azsaylı hissələri ruslara müqavimət göstərə bilməmişdir. Aprelin 27-də Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri artıq toplarını parlament binasına tuşlamış, Bakıda milli hökumət süqut etmişdir. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyulmuşdur. Bolşevik hökuməti isə artıq 1920-ci il mayın 7-də Azərbaycanda ordu və donanmanın yenidən təşkil edilməsi barədə dekret vermişdir. Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələnmiş, komandirlərin böyük hissəsi repressiyaya məruz qalmışdır. İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis edilmiş - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Məhz Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğuna başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998- ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Artıq müzəffər Azərbaycan ordusu dünyada ən müasir və güclü ordu imicini qazanıb. 27 il idi işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı rayonlarında indi Azərbaycan bayrağı dalğalanır. Tərtərin, Xocavəndin, Laçının, Xocalının bir sıra kəndləri 44 günlük döyüşlərdə işğaldan təmizləndi. Nəhayət noyabrın 9-da Şuşanın azad edilməsindən sonra işğalçı Ermənistan Azərbaycanın şərtləri daxilində kapitulyasiyaya məcbur oldu. 44 gün ərzində ordumuz işğal altında olan 300-ə yaxın kəndi, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri azad etdi. Qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda saxlayan Ermənistanın hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Yaşasın Qalib Azərbaycan Ordusu!