Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
14 İyul , 2021
Sədayə İsmayıl qızı Mustafayeva 1926-cı il iyul ayının 15-də Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. Beş illik orta təhsilini bitirdikdən sonra Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında usta köməkçisi işləməyə başlamışdır. Sonra 12 yaşında səhnəyə qədəm qoymuş və ilk obrazı Süleyman Rüstəmin “Qaçaq Nəbi” tamaşasında Çimnaz rolu olmuşdur. Bir müddət Şəki Dövlət Dram Teatrında bir-birinin ardınca maraqlı obrazlar qalereyası yaradan Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın Xalq artisti, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi dəvət almışdır. Teatrın səhnəsində Sədayə xanım 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. “Vaqif” (Xuraman, Gulnar); “Aydın” (Gültəkin); “Pəri Cadu” (Pəri); “Solğun çiçəklər” (Sara, Pəri, Gülnisə); “Otello” (Emilya); “III-Riçard” (Yelizaveta); “Sokratla söhbətlər” (Ksantipa); “İtkin gəlin” (Səbihə); “Yad qızı” (Həcər xanım); “Dairəni genişləndirin” (Aliyə); “Dəli Kür” (Şahnigar); “Atayevlər ailəsi” (Dilşad xanım); “Xurşudbanu Natəvan” (Natəvan); “Mahnı dağlarda qaldı” (Rəxşəndə xanım) və s. pyeslərdə oynadığı obrazlar aktrisanın yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz Sədayə Mustafayeva məktəbinin yetirməsidir. Həmçinin “Azərbaycanfilm”in istehsalı olan 20-dən artıq bədii filmə çəkilmişdir. “Biri vardı, biri yoxdu...”da Qadın, “Qanun naminə”də Xatun, “Mən ki, gözəl deyildim”də Gözəl, “Şərikli çörək”də Şamama, “Gün keçdi”də Əsmərin anası, “Qızıl qaz”da Şəfiqənin anası, “Var olun, qızlar...”da Rüstəmin anası, “Firəngiz”də Məsmə, “Ad günü”ndə Əlinin anası, “Qaynana”da Mülayim, “Gümüşü furqon”da Mədinənin anası, “Cin mikrorayonda”da Ana, “Ölsəm bağışla”da Yusifin anası, “Ağ atlı oğlan”da Mirvari nənə, “Dağıdılmış körpülər”də Əsmər, “Acılar bitməz”də Orxanın nənəsi, amerika kinemotoqrafçılarının istehsal etdiyi “İlk körpü” filmində Əsmər və s. rollarını nümunə göstərmək olar. O, 1958-ci ildə “Əməkdar artist”, 1981-ci ildə isə “Xalq artisti” fəxri adlarınalayiq görülmüşdür. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü idi. Sədayə Mustafayeva 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat etmişdir. 2000-ci ildə “Əsgəroğlu” nəşriyyatı tərəfindən Xalq artisti Sədayə Mustafayeva haqqında teatrşünas-tənqidçi Anar Bürcəliyevin “Səhnə həyat nurumdur” adlı monoqrafiyası çap edilmişdir.