Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
19 İyul , 2021
Vəli Hüseyn oğlu Əliyev 1936-cı il iyul ayının 20-də Şəki şəhərində anadan olmuşdur. Əslən naxçıvanlı olan ailə bir müddət Zəngəzur mahalının Şıxlar kəndində yaşamış, sonra Şəki şəhərinə köçmüşdür. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirmişdir. “Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti“ mövzusunda namizədlik, 1984-cü ildə “Azərbaycanda orta tunc dövrü“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1998-ci ildən professordur. 1990-1997-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi və baş elmi işçi, Tunc və ilk dəmir dövrü şöbəsinin müdiri olmuşdur. 1997-ci ildən ADPUnun Ümumi tarix kafedrasının müdiri olmuşdur. Cənubi Qafqazda və Ön Asiyada yayılmış Kür-Araz erkən tunc dövrü mədəniyyətinin Azərbaycanda eneolit mədəniyyəti əsasında yaranmasını və Azərbaycanda e.ə. II minillikdə erkən şəhərlərin yaranmasını müəyyən etmiş, orta tunc dövrü boyalı qablar mədəniyyətinə, son tunc və ilk dəmir dövrü mədəniyyətinə, qədim tayfa ittifaqlarının təşəkkülünə və s. problemlərə dair tədqiqatlar aparmış, Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyət abidələrinin əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri olmuş, Naxçıvan şəhərinin 4000 ilə yaxın tarixə malik olduğunu sübuta yetirmişdir. Gəmiqaya petroqliflərini kəşf etmiş, Azərbaycanın e.ə. V-I minilliklərdə qədim əhalisinin türk mənşəli olduğunu sübuta yetirmişdir. Bu sahədə 40 ilə yaxın elmi iş aparan alim Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən çox tarixi abidə aşkara çıxarmışdır. Vəli Əliyev 6 monoqrafiyanın, 200-ə qədər elmi məqalənin müəllifidir. Əsərləri bir sıra ölkələrdə - Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan, Pakistan və s. dərc olunmuşdur. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş “Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. “Gəmiqaya”, “Naxçıvanın Qədim qala şəhərləri”, “Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin rəğbətini qazanmışdır. Beynəlxalq və regional elmi konfrans və seminarlarda məruzələr etmişdir. Tarixçi-arxeoloq Azərbaycan-şünaslar Birliyinin, Pakistan və Mərkəzi Asiya Elmi Assosiasiyasının üzvü, Azərbaycan Beynəlxalq Diaspora mərkəzinin elmi rəhbəri, “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin üzvü olmuşdur. 2003-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Vəli Əliyev 2020-ci il yanvar ayının 8-də vəfat etmişdir.