Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
5 İyul , 2021
Məcid Lətif oğlu Rəsulov 1916-cı il iyul ayının 6-da Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) məzunu və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) aspirantı olmuşdur. Məcid Rəsulovun ilk elmi araşdırmaları onun 1946-1948-ci illərdə “Diferensial tənliklər üçün bəzi qarışıq məsələlərin həllinin çıxıqlar üsulu ilə araşdırılması” mövzusunda yazdığı namizədlik dissertasiyasında ümumiləşdirilmişdir. O, bu işdə xətti funksionalın altfəzasında bütün Banax fəzasına davamının yeganəliyinin zəruri və kafi şərtlərini almış və baxılan birölçülü xətti diferensial operatorun normallığı üçün zəruri və kafi şərti isbat etmişdir. M.L.Rəsulov 1960-cı ildə SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunun Elmi Şurasında “Xüsusi törəməli xətti diferensial tənliklər üçün qarışıq və sərhəd məsələlərinin həllinin çıxıqlar üsulu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. Məcid Rəsulovun 1967-ci ildə “Kontur inteqralı üsulu” monoqrafiyası İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunmuş və Hollandiyada, Amerika Birləşmiş Ştatlarında, Kanadada çap olunmuşdur. Qeyd edək ki, bununla da o, xaricdə monoqrafiyası çap olunan ilk azərbaycanlı riyaziyyatçı olmuşdur. 1975-ci ildə Moskvanın “Nauka” nəşriyyatında alimin “Kontur inteqrallar üsulunun tətbiqi” adlı ikinci monoqrafiyası çıxmışdır. Bunlardan başqa professor M.L.Rəsulov 180-ə qədər elmi məqalənin müəllifidir. Yüksəkixtisaslı kadrların hazırlanmasında M.L.Rəsulovun xidmətləri böyükdür. Onun rəhbərliyi altında 20-dən çox namizədlik və doktorluq dissertasiyaları yazılmış və müdafiə edilmişdir. M.L.Rəsulov Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1960-cı ildən Azərbaycan Dövlət Universitetinin Riyazi fizika tənlikləri kafedrasının müdiri, 1961-ci ildə professor, 1968- ci ildən Azərbaycan EA-nın müxbir üzvü, 1983-cü ildən həqiqi üzvü olmuşdur. 1976-cı ildən Azərbaycan Sovet Ensiklopediyasının elmi redaksiya şurasının üzvü olmuşdur. Akademik M.L.Rəsulovun elmi pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, 1980-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni və bir neçə medallarla təltif edilmişdir. 1989-cu ildə Azərbaycan SSR-nin “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Məcid Lətif oğlu Rəsulov 1993-cü il fevral ayının 11-də Bakı şəhərində vəfat etmişdir.