Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Şəkinin II Qarabağ müharibəsində həlak olmuş qəhrəman oğulları
17 İyun , 2002
Rəşad Ələkbər oğlu Əhmədov 2002-ci il iyun ayının 17-də Şəki şəhərində anadan olub. 2008-ci il-də Nizami Gəncəvi adına Şəki şəhər 7 saylı tam orta məktəbin I sinfinə gedib və 2019-cu ildə həmin məktəbin XI sinfini başa vurub. 2010-2014-cü illərdə karate idman növü ilə məşğul olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və Goranboyda yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub və həmin döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Ailədə iki qardaş olublar. Subay idi.
Atası Ələkbər Əhmədov 2013-cü ilin dekabr ayında vəfat edib. Anası Şərafət xanım Rəşada və qardaşı Rəcəbə həm ana, həm də ata olub. Oğullarını min bir əziyyətlə böyüdən Şərafət ana onları möhkəm xarakterli, təəssübkeş, vətənpərvər, xalqa, cəmiyyətə yararlı övladlar kimi böyüdüb. Bu gün böyük qardaşı Rəcəb onunla fəxr etdiyini söyləyir. Deyir ki, insan gənc yaşda müxtəlif qəzalardan, xəstəliklərdən dünyasını dəyişə bilər. Rəşadın bəxtinə isə ölümlərin ən şərəflisi düşüb. O, bu yolu öz hünəri, cəsarəti, qəhrəmanlığı ilə seçib.
«Rəşad çox ürəyitəmiz, canayaxın idi. Heç kəsə ziyanı dəyməzdi. Rəşadı nəinki şagirdlər, müəllimlər də çox sevirdi. Vətənpərvər idi, hətta əsgəri xidmətə getməzdən əvvəl «Lazım gəlsə, Vətən uğrunda şəhid də olaram» – deyirdi. Bu istək onun qəlbində idi. Axşamlar oturub söhbət edərdik. Şəhidlik zirvəsinin ucalığından danışardı. Əgər indi həyatda olsaydı, yəqin ki, hərbçi kimi çalışardı. Arzusu hərbçi olmaq idi.
Rəşadın yoxluğu hər birimizə başqa bir acı, həm də fərəh oldu. Həmişə qəlbimizdəsən, Rəşad!» – deyir sinif yoldaşı Kənan.
Daha bir sinif yoldaşı Aytən isə: “Rəşad hər zaman deyərdi ki, məktəbi bitirsək də, ailə qursaq da, dostluğumuzu itirməyək, daim bir-birimizi yad edək. Onun, gələcəyi ilə bağlı çoxlu xəyalları vardı. Çox istəyirdi ki, yaxşı bir işdə çalışıb anasına layiq olduğu həyatı yaşada bilsin. Rəşad bir az nadinc olsa da, onun çox gözəl xüsusiyyətləri vardı. Sevdiklərinə qarşı çox qayğıkeş, mehriban, səmimi idi. Əlindən gəldiyi qədər kömək etməyə çalışırdı. Həssas olduğu üçün adi səbəblərdən kövrələr, duyğulanardı.
Hələ də səsi, gülüşü, zarafatları qulagımda, hərəkətləri söhbətləri gözümün önündədir. Həm də ona görə sevinirəm ki, adı daim yüksəklərdə olacaq, unudulmayacaq. Üzülürəm ki, arzuları yarımçıq qaldı. O, bizim fəxrimizdir» – deyir.
Rəşad Əhmədovun mübarək nəşi ölümündən 90 gün sonra – dekabr ayının 30-da Şəkinin “Dovşan düzü” qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şüsaətə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.