Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Şəkinin II Qarabağ müharibəsində həlak olmuş qəhrəman oğulları
12 Mart , 2002
Aydın Mustafa oğlu Əhmədli 2002-ci il mart ayının 12-də Şəki rayonunun Orta Zəyzid kəndində dünyaya gəlib. İlk təhsilini Orta Zəyzid kənd 2 saylı tam orta məktəbində alıb, daha sonra təhsilini Bakı şəhəri Binəqədi rayonu 179 saylı tam orta məktəbdə davam etdirib və məktəbi müvəffəq qiymətlərlə başa vurub.
Əhmədli Aydın 2020-ci ilin may ayında hərbi xidmətə gedib. Əsgəri xidmətinə Ağcabədi rayonunda başlayıb. 29 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində ön cəbhəyə gedib. Füzuli döyüşlərinin fəal iştirakçısı olub. Füzuli uğrunda gedən döyüşlər zamanı oktyabr ayının 8-də mənfur düşmənin atdığı mərmilərdən aldığı zərbə nəticəsində şəhidlik zirvəsinə yüksəlib.
Ailədə iki bacı, iki qardaş olublar. Subay idi.
Cəmi 18 il ömür sürən Aydın zəhmətkeşliyi, ailəsinə olan qayğısı, vətənpərvərliyi, ən əsası isə saflığı, təmizliyi ilə ürəklərə yol tapmışdı. Vətən torpağı uğrunda şəhid olması ilə isə tarixə yazıldı. Az ömrü ilə, çox ömürlülərin bacarmadığı hünəri ilə ölümsüzlüyə qovuşdu. Bəlkə elə ona görə də şəhid anası Bahar xanım Aydından sonra düzənini hələ də qaydaya sala bilmir. «Keşməkeşli bir həyat yaşayıb bizim ailə. Uşaqlar hələ balaca olarkən rəsmi qaydada həyat yoldaşımdan ayrılmışam. Uşaqları da götürüb ata evimə qayıtdım. Bir müddət sonra Bakıya getdik. Orada kirayə ev tutdum və günəmuzd işlə uşaqlarımı dolandırmağa başladım. Qızlarım Rəqsanə və Əfsanə yaşca qardaşlarından böyük olsalar da, evin yükünü Aydın çəkirdi. Qardaşı İlkinə böyük qardaş kimi əsl nümunə idi. Çox istəyirdi ki, evimiz olsun. Əsgərlik yaşınacan işləyib bir az pul da yığmışdı. Deyirdi ki, əsgərliyimi çəkib gəlim, üstünü düzəldib ev alarıq. Hərbi xidmətdə olarkən zəng edəndə deyirdim ki, birdən pul lazım olar, qoy göndərim. Hamı uşağına pul göndərir. Deyirdi ki, mənim pula ehtiyacım yoxdur. Siz özünüzə korluq verməyin. Nəinki qardaş-bacılarının, mənim də arxam, köməyim idi Aydın. Çox güvənirdim, inanırdım ona. Deyirdi ki, əsgərliyimi başa vurub gəlim, qazanıb ev alacam, hər şey yaxşı olacaq, yenə də inandım. Amma belə olmadı. O, bizi başqa yolla evli-eşikli etmək istəyirmiş» – deyir Bahar ana.
Xalası oğlu Sahib də Aydının necə ağıllı, bacarıqlı, zəhmətkeş gənc olmasından danışdı. «Aydın əslində yaşından daha böyük idi. Evin bütün yükünü çiyinlərində çəkir, bir dəfə də olsun yoruldum demirdi. Dürüstlüyü, xoş rəftarı, böyük-kiçik yeri bilməyi ilə qohum-qonşu arasında da böyük hörmət qazanmışdı. Etibarlı dostları vardı. Aydının əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq» – dedi.
Aydın Əhmədli oktyabr ayının 9-da anasının doğulduğu ünvanda – Zaqatala rayonu Qandaq kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Vətən uğrunda» medalı ilə təltif edilib.