Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Şəkinin II Qarabağ müharibəsində həlak olmuş qəhrəman oğulları
25 İyun , 2001
Səbuhi Yaşar oğlu İsgəndərli 2001-ci il iyunun 25-də Tərtərdə anadan olub. 2007-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 9-10-cu sinifləri Şəki şəhər 12 saylı tam orta məktəbdə, 11-ci sinfi isə 18 saylı tam orta məktəbdə bitirib.
Səbuhi 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətə başlayıb və Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib. 27 sentyabr 2020-ci ildən başlayan 2-ci Qarabağ müharibəsində cəbhə bölgəsində xidmətini davam etdirib. O, Zəngilan istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olub.
Səbuhini hər kəs çalışqan, sadə, qayğıkeş bir insan kimi tanıyırdı. Onun idmana və hərbiyə çox böyük həvəsi var idi. Hərbi sahəyə olan marağını atası Yaşar Mustafayev daha da artırmışdı. Yaşar müəllim I Qarabağ müharibəsi veteranıdır. O, 1992-1994-cü illərdə Ağdərə, Kəlbəcər və Sırxavənd istiqamətində gedən döyüşlərdə olmuş, torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuşdur. Hazırda Şəki şəhər Yaşıllaşdırma idarəsində bağban işləyən Yaşar Mustafayev oğlu Səbuhini vətənpərvər övlad kimi yetişdirmişdi. Səbuhi hələ 7-ci sinifdə oxuyarkən onu bir vaxtlar uğrunda döyüşdüyü ərazilərə tərəf aparmış, uzaqdan da olsa o yerləri göstərərək: – Bu torpaqlar bizim vətənimizdir, oğlum, təəssüf ki, indi onun üzərində düşmən gəzir, – demişdi.
Səbuhi də balaca yumruğunu sıxaraq: – Sən fikir etmə, ata, o torpaqları mən alacam, – demişdi. – Sən bacarmadın, amma mən bacaracam.
Atası qürurlanmışdı oğlunun sözündən: – Sən gərək dərslərini, xüsusən də tarix dərsini yaxşı oxu-yasan. Xalqımızın, vətənimizin tarixini, xəritəsini yaxşı bilməlisən ki, sözünü faktlarla deyə biləsən.
Səbuhi digər dərslərə o qədər maraq göstərməsə də, tarix dərsinə xüsusi diqqət yetirirdi. Vətənimizin keçmişini, qədimdən bu günə kimi olan düşmənlərini tanımaq istəyirdi. Erməni qaniçənlərinə nifrəti də böyük idi. Məktəb tədbirlərində, anım günlərində düşmənlərimizin Qarabağda törətdikləri vəhşiliklər, xalqımızın başına açdığı zülmlər barədə çıxışlar etmişdi. Böyüyüb əsgərliyə gedəcəyi günü səbirsizliklə gözləyirdi.
Sinif yoldaşlarına zarafatla: «Mən əsgər olanda evinizdə arxayın yatarsız. Sizi də, bütün ölkəni də mənim kimi oğullar qoruyacaq» – deyirdi.
Bir neçə dəfə məktəbini dəyişsə də, mühitə tez alışan Səbuhi şən, mehriban, zarafatcıl xasiyyəti ilə qısa müddətdə bütün sinfin sevimlisinə çevrilirdi. Qarabağdan söz düşəndə isə çox həvəslə: – Təki əsgər yaşım çatsın, gedib vuruşacağam, – deyirdi. Hətta bir dəfə sinif rəhbəri Zaur müəllimə: – Müharibə başlayarsa, mən könüllü olaraq cəbhəyə gedəcəyəm, düşmənlərimizdən qisas alacağam, – demişdi.
Müəllimi isə ona: – Axı sən azyaşlısan – demişdi.
– Şah İsmayıl Xətainin taxta çıxanda 14 yaşı var idi, – deyə cavab vermişdi.
Məktəbin məzunu, Aprel döyüşlərində şəhid olmuş baş leytenant Elnur İsgəndərovdan söz düşəndə Səbuhinin dediyi: «Xoşbəxt insandır ki, Vətən uğrunda şəhid olub» – sözlərini müəllimləri və sinif yoldaşları hələ də unutmurlar.
Səbuhinin qısa və şərəfli ömür yolunu fəxrlə anan dostları hər zaman onu yanlarında hiss edirlər. Tərtər Su Meliorasiya idarəsində kadrlar şöbəsinin müdiri olmuş, hazırda heç yerdə işləməyən anası Gülnarə xanım, Şəki Tibb Kollecinin məzunu bacısı Lalə və onun ailəsi üçün də Səbuhi həmişəyaşardır. Elə müqəddəs kitabımız olan «Qurani-Kərim»də də belə deyilir: «Allah yolunda öldürülənlərə ölü deməyin, onlar ölü deyil, diridirlər».
Səbuhi İsgəndərlinin ən böyük arzusu Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda vuruşmaq və bu müqəddəs amal yolunda şəhid olmaq idi. Allah onu bu arzusuna çatdırdı.
Səbuhi İsgəndərli Şəkinin «Dovşan düzü» qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.