Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Şəkinin II Qarabağ müharibəsində həlak olmuş qəhrəman oğulları
8 Oktyabr , 2001

Rüfət Ülfət oğlu Musayev 2001-ci il oktyabrın 8-də Şəki rayonunun Suçma kəndində anadan olub. Atasının işi ilə əlaqədar olaraq ailə bir müddət Sumqayıt şəhərində yaşamalı olub və Rüfət Sumqayıt şəhər Corat qəsəbə orta məktəbinin I sinfinə gedib. Sonralar ailə yenidən kəndə qayıdıb. Rüfət 3-cü sinifdən təhsilini Suçma kənd tam orta məktəbində davam etdirib. Hələ kiçik yaşlarından ağıllı, tərbiyəli, nümunəvi şagird kimi hamının diqqətini cəlb edib. 2019-cu ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda cəbhə xəttindən xeyli uzaqda yerləşən hərbi hissənin tərkibində döyüş xəttinə yollanıb, torpaqlarımızın düşməndən azad olunması uğrunda rəşadətlə vuruşub. Tərtərin Tapqaraqoyunlu, Talış kəndlərində şərəfli döyüş yolu keçib. Oktyabr ayının 3-də Suqovuşanın alınması zamanı böyük şücaət göstərib. Oktyabr ayının 12-də Suqovuşan ərazisində şəhidlik zirvəsinə yüksəlib.
Ailədə bir bacı, bir qardaş olublar. Subay idi.
Ülfət və Fərqanə Musayevlərin ailəsində iki övlad böyüdü. Hər ikisi ağıllı, əməksevər və valideynlərini çox sevirdilər. Rüfət, atası ürək-damar xəstəliyindən əziyyət çəkdiyi üçün ona qarşı daha həssas idi.
Rüfətin müəllimi olmuş Elcan Bəxtiyarlı bu gün öz şagirdini fəxrlə anır: «Şagirdlərə hərbi andı əzbərləməyi tapşırmışdım, amma məni qane edən yalnız Rüfət oldu. O, uşaqlıqdan sanki əsl hərbçi idi».
«Rüfət çox mehriban şagird idi, məsuliyyətli idi. Zəhmətə qatlaşan, hər şeyi öz zəhməti ilə qazanan övladıydı. Tarixi mövzularda olan bədii filmləri, futbolu çox sevirdi» – deyə Rüfətin tarix müəllimi Məcnun Eminov fikrini tamamlayır.
Rüfətin bacısı Afət Musayeva: «Evimizin sonbeşiyi, tək oğlan övladı idi. Təlim-tərbiyəsi, davranışı, səmimiliyi ilə qohum-qonşunun, sinif yoldaşlarının, dostlarının çox sevdiyi biri, müəllimlərinin sevimlisi olmağı bacarmışdı qardaşım» – deyir.
Bacılar qardaşa güvənər, onunla fəxr edərlər. Afət qardaşı haqqında, onun arzuları barədə aramla, sanki sözləri seçirmiş kimi danışır. Yəqin ona görədir ki, bu xatirələr heç vaxt köhnəlməyəcək. Qardaşı şəhid olmuş bacının duyğularının tərcümanına çevriləcəkdir.
Rüfət Ülfət oğlu Musayev oktyabrın 18-də Şəki rayonu Suçma kənd qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə «Vətən uğrunda» və «Suqovuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.