Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Şəkinin II Qarabağ müharibəsində həlak olmuş qəhrəman oğulları
20 İyun , 2002

Rəşadət Vüqar oğlu Musayev 2002-ci il iyun ayının 20-də Şəki rayonunun Baş Göynük kəndində dünyaya gəlib. 2008-ci ildə Baş Göynük 1 saylı tam orta məktəbə qədəm qoyub, 2020-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Həmin il sentyabr ayının 27-də başlayan 2-ci Qarabağ müha-ribəsi Rəşadətin vətən torpağının işğaldan azad edilməsində iştirak etmək arzusunu gerçəkləşdirib. O, Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub. Və bu döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib.
Ailədə bir bacı, iki qardaş olublar. Subay idi.
Rəşadət hərbi xidmətdə olarkən həmişə komandirləri onun cəsurluğundan danışardılar. Anası Samirə xanımla telefon əlaqəsi saxlayanda döyüşün ən qaynar nöqtələrində olsa da: – Narahat olmayın, yaxşıyam, irəliləyirik. Qarabağ bizimdir, az qalıb, – deyərdi. 
Şəhid atası FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin ehtiyatda olan kapitanı Vüqar Musayev: "Rəşadət ortancıl övladımdır. Bacısı Münəvvər ailə həyatı qurub. Kiçik qardaşı Musa isə hələ 6-cı sinifdə oxuyur. Rəşadət hər ikisi üçün nümunə idi. O, kiçik yaşlarında çılğın, dəcəl olsa da, çox sözəbaxan, ürəyiyumşaq uşaq idi. Oyuncaq tapança, avtomatla oynamağı xoşlayırdı. Əlində oyuncaq silahları ilə şəkilləri də var. Yaşıdlarından çevikliyi ilə seçilirdi. Marağı idman və hərbi dərslərə idi. O, bayraqla şəkil çəkdirməyi çox xoşlayırdı. Hərbi xidmətə getməyinə az vaxt qalsa da, tələsirdi ki, birinci çağırışla getsin. Həmişə deyirdi ki, Qarabağı biz azad edəcəyik. Axır ki, o, öz arzusuna çatdı. Elə təsəllim də budur" – deyir.
Şəhid anası Samirə xanım isə oğlu haqqında daha qürurlü danışır: "Rəşadət hələ balaca yaşlarından böyük ağaclara çıxmağı sevərdi. O, həm dəcəl, həm də sözəbaxan uşaq idi. Ev işlərində mənə kömək edərdi. Mən harasa gedəsi olsam, balaca qardaşını arxayınlıqla ona tapşırıb çıxardım. Çox etibarlı və məsuliyyətli idi. Böyüdükcə sözlərinə, hərəkət və davranışına daha çox diqqət yetirərdi. Onun adı Rəşadət idi, 18 yaşında adı kimi əməli də rəşadətli oldu".
2020-ci il oktyabr ayının 24-də Füzuli istiqa-mətində gedən ağır döyüşdə şəhid olan Rəşadət Musayev bir gün sonra – oktyabr ayının 25-də Baş Göynük kəndinin “Qəssablı” qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.