Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Dağıdılmış sərvətlər, məhv olmuş kitabxanalar (üç dildə)
15 Aprel , 2015

ÜMUMİ MƏLUMAT

 

Dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş Qarabağ Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyidir.

Ermənistan silahlı qüvvələri  tərəfindən işğal olunmuş Azərbaycan ərazisində 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə və 149 yerli əhəmiyyətli memarlıq  abidəsi, 205 arxeoloji abidə, 297 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 22 muzey, 4 rəsm qalereyası, 10 mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı, 2 konsert müəssisəsi dağıdılmış, yandırılmış və qarət edilmişdir. Dünya əhəmiyyətli  Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, nadir eksponatlara malik Şuşa şəhəri,Qarabağın tarixi muzeyi, dünyada ikinci olan Ağdam çörək muzeyi, Zəngilandakı heykəllər muzeyi erməni vəhşiləri tərəfindən yerlə-yeksan edilmişdir. 

İŞĞAL OLUNMUŞ RAYONLAR 

ŞUŞA RAYONU

 

Rayonun ərazisi  29.0 km2

Əhalisinin sayı 26.700 min nəfər (01.01.2006) 

İşğaldan əvvəl Şuşa rayonunda 248 tarix və mədəniyət abidələri, 5 muzey, rəsm qalareyası, 32 kitabxana mövcud olmuşdur. Şuşa şəhərində ilk qiraətxana dövrünün görkəmli şairi Mir Mövsüm Nəvvabın təşəbbüsü ilə açılmışdır. O, Şuşada ilk təhsil ocağının qiraətxana-kitabxananın açılmasının təşəbbüskarı olmuşdur. Mir Möhsün Nəvvab bir çox ölkələrdə çap olunan qəzet və jurnalları Şuşaya gətirmiş və kütləvi olaraq oxucuların istifadəsinə təqdim etmişdir. Şuşa rayonunda fəaliyyət göstərən bir Mərkəzi kitabxana və 31 kitabxananın birləşdirilməsi nəticəsində 1977-ci ildə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) təşkil edilmişdir. Rayon MKS-nin tərkibində 32 kitabxana binası mövcud olmuşdur. 1991-ci ilin məlumatına görə MKS-də işçilərin sayı 103 nəfər, kitabxana fondunun ümumi həcmi 200 min nüxsə, oxucuların ümumi sayı 10 min nəfər təşkil etmişdir. Şuşa rayon MKS-i respublika əhəmiyyətli “Xarı Bülbül” musiqi festifalının keçirilməsində daim fəal iştirak etmişdir. 1992-ci il  8 may tarixində Şuşa rayonu erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş, rayon ərazisində etnik təmizləmə əməliyyatı aparılmışdır. İşğal nəticəsində rayon ərazisindəki 32 kitabxana və bu kitabxanalarda saxlanılan qədim və unukal kitablar yandırılmış və məhv edilmişdir. Kitabxanaların dağıdılması nəticəsində dövlətə 1 milyon 106 min manat həcmində ziyan dəymişdir.

 

LAÇIN RAYONU    

Rayonun ərazisi:1835 km2

Əhalisi: 68,9 min nəfər (01.01.2006) 

Rayon 18 may 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.     İşğal nəticəsində Laçın rayonunda 119 kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, 85 klub, 5 musiqi məktəbi dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl rayon ərazisində marağa məbəd (V əsr), türbələr (XIV, XIX əsrlər), qala (XVII əsr), məscid (1716-cı il), körpü (XVIII əsr) və s. qeydə alınmışdır. Laçın rayonunda fəaliyyət göstərən 119 kitabxana əsasında 1976-cı ildə Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır. 1991-ci ilin məlumatına əsasən Laçın rayon MKS-nin kitab fondu 843 min nüsxə, oxucuların sayı 20 min nəfər, işçilərin sayı 199 nəfər olmuşdur. Rayon MKS-nin 115 kənd kitabxana filialı müasir  binalarla təmin olunmuşdu. Laçın rayon Mərkəzi Kitabxanasının fondunda qədim, unikal və nadir kitablar saxlanılırdı. Kitabxanada 14 otaq, 2 oxu zalı oxucuların istifadəsinə verilmişdi. Rayon MKS-i rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsində yaxından iştirak etmişdir. 18 may 1992-ci ildə Laçın erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra rayon ərazisindəki bütün kitabxanalar dağıdılmış, onların kitab fondu və kitabxanalara məxsus 123 bina məhv edilmişdir.             Azərbaycan Respublikasına 2 milyon 580 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan Respublikasının Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində müvəqqəti fəaliyyət göstərir.             Laçın rayonu Dağlıq Qarabağ ətrafında yerləşdiyi və bu regiona heç bir aidiyyatı olmadığı halda Ermənistan Respublikası bütün beynəlxalq konvensiyaları pozaraq rayonu işğal altında saxlamaqda davam edir. 

KƏLBƏCƏR RAYONU

 

Rayonun ərazisi: 3054 km2

Əhalisi: 73.6 min nəfər (01.01.2006) 

1993-cü ilin aprel ayının 2-də Kəlbəcər rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 119 kitabxana, 17 klub, incəsənət məktəbi, rayon Tarix-Diyarşünaslıq  muzeyi dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl Kəlbəcər rayonunda XIII-XVIII əsrə aid alban məbədləri qeydə alınmışdır. Kəlbəcər rayonunda oxuculara xidmət edən 119 kitabxana əsasında 1976-cı ildə Kəlbəcər rayon Mərkəzləşmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır. 1992-ci ilin məlumatına əsasən Kəlbəcər rayon MKS-nin kitab fondu 600 min nüsxə, oxucuların sayı 35 min nəfər, işçilərin sayı 175 nəfər olmuşdur. Kəlbəcər rayon Mərkəzi Kitabxanası 1992-ci ildə “Yeni şəhər” adlanan ərazidə ikimərtəbəli xüsusi kitabxana tipli binada yerləşdirilmişdir. Eyni zamanda şəhər kitabxana filialları da yeni binalarla, habelə inventar və avadanlıqla təmin edilmişdir. 1993-cü ilin aprel ayının 2-də Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal nəticəsində rayonun 119 kitabxana binası, habelə onlara məxsus kitab fondları dağıdılmış və talan edilmişdir. Hazırda Kəlbəcər rayon Mərkəzi  Kitabxanası və onun kitabxana filialları Azərbaycan Respublikasının Gəncə şəhərində kəlbəcərlilərin sıx məskunlaşdığı Gülüstan qəsəbəsində müvəqqəti fəaliyyət göstərir. İşğal nəticəsində rayonda bütün infrastruktur, mədəniyyət abidələri, o cümlədən kitabxana binaları tamamilə məhv edilmiş, kitabxanalara təqribi hesablamalara görə 2 milyon 470 min manat həcmində maddi ziyan dəymişdir. 1993-cü il aprel ayının 6-da BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı birləşmələrinin Dağlı Qarabağ ətrafında yerləşən Kəlbəcər rayonunun və Azərbaycanın digər ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Lakin erməni qoşunları artıq 20 ildən artıqdır ki, işğalı davam etdirir.

 

AĞDAM RAYONU

 

Rayonun ərazisi:1150 km2

Əhalisinin sayı :  167,3 min nəfər (01.01.2006) 

Ağdam rayonu 1993-cü il 23 iyul tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində Ağdam rayonunda 107 kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, Çörək Muzeyi, tanınmış xanəndə Qurban Primovun Ev Muzeyi, 24 klub, Dram Teatr, Şəkil Qalereyası dağıdılmış və məhv edilmişdir. İşğaldan əvvəl Ağdam rayonunda Qutlu Musa oğlu türbəsi (1317) Kəngərli kəndindəki türbə (XIV əsr), Papravənd kəndində 2 türbə (XVIII əsr) qeydə alınmışdır. Dağlıq Qarabağın ətrafında yerləşən Ağdam iqtisadi cəhətdən inkişaf etmiş bir rayon idi. Rayonda çoxlu sayda mədəniyyət obyektləri inşa edilmişdi. Ağdam rayonunda 107 kitabxananın əsasında 1979-cu ildə Ağdam rayon Mərkəzi Kitabxana Sistemi (MKS) yaradılmışdır. 1992-ci ilin məlumatına əsasən Ağdam rayon MKS-nin kitab fondu 970 min 996 nüsxə, oxucularının sayı 72 min 130 nəfər, işçilərin sayı 170 nəfər  olmuşdur. Ağdam rayon Mərkəzi Kitabxanası respublika əhəmiyyətli “Xarı Bülbül” festifalının keçirilməsində yaxından iştirak etmişdir. İşğaldan əvvəl rayonun 106 kənd kitabxana filialında 676 min nüsxə kitab, jurnal və qəzet saxlanılmışdır. Ağdam rayon Mərkəzi Kitabxanası 1992-ci ildə inşa edilmiş yeni binaya köçürülmüş, kitabxana, inventar, avadanlıqla təmin edilmişdir. Ağdam rayonunun 1993-cü il 23 iyul tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəticəsinədə rayon ərazisindəki 107 kitabxana tamamilə dağıdılmış və rayon kitabxanalarına təqribi hesablamalara görə 2 milyon 850 min manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Ağdam rayon Mərkəzi Kitabxanası rayonun Quzanlı qəsəbəsində müvəqqəti fəaliyyət göstərir. Ağdam rayonunun erməni işğalı altında olmayan 10 kəndində (rayonun 20 faizi)  60 min sakin məskunlaşmışdır.

CƏBRAYIL RAYONU

 

Rayonun ərazisi: 1049,8 km2

Əhalisi :66,4 min nəfər (01.01.2006) 

Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində 31 kitabxana, 3 musiqi məktəbi, 19 klub müəssisəsi dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl  rayonda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, türbələr, tarixi Xudafərin körpüsü mövcud olmuşdur.             Cəbrayıl rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1983-cü ildə təşkil edilmişdir. 78 kütləvi kitabxana əsasında rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. 1992-ci ilin məlumatına görə rayon MKS-nin 105 nəfər əməkdaşı olmuşdur. Cəbrayıl rayon MKS-nin kitab fondu 552 min 400 nüsxə, oxucuların sayı 27 min 800 nəfər təşkil etmişdir. Cəbrayıl rayon MKS-i hər il rayonda keçirilən “Qurbani saz bayramı” və ənənəvi “Novruz bayramı”nın keçirilməsində yaxından iştirak etmişdir. Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra rayon ərazisindəki 78 kitabxana binası dağıdılmış və orada saxlanılan nadir və unikal nəşrlər məhv edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 700 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Cəbrayıl rayon Mərkəzi Kitabxanası Biləsuvar rayonunda inşa edilmiş qəsəbədə cəbrayıllıların kompakt yaşadığı ərazidə müvəqqəti fəaliyyət göstərir. 

FÜZULİ RAYONU

 

Rayonun ərazisi: 1390 km2

Əhalisi :147,1 min nəfər (01.01.2006)

 

Füzulil rayonu 1993-cü il 23 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində 15 tarixi abidə, 90 kitabxana, 20 mədəniyyət evi, 45 klub, Dövlət Dram Teatrı, 2 muzey və s. obyektlər dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl  rayonda qədim yaşayış məskənləri, kurqanlar (XVII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), Karvansara (1684-cü il) mövcud olmuşdur. Füzulil rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1978-ci ildə təşkil edilmişdir. 1 rayon Mərkəzi və 89 kütləvi kitabxana əsasında Füzulil rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. 1992-ci ilin məlumatına görə rayon MKS-nin 171 nəfər əməkdaşı olmuşdur. Füzulil rayon MKS-nin kitab fondu 659 min  nüsxə, oxucuların sayı 45 min 620 nəfər təşkil etmişdir. Füzulil rayonu 1993-cü il 23 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra rayon ərazisindəki bütün kitabxanalar dağıdılmış və orada saxlanılan nadir və unikal nəşrlər məhv edilmişdir.  İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 889 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Füzulil rayon Mərkəzi Kitabxanası Füzulil rayonunun Azərbaycan Silahlı qüvvələrinin nəzarətində olan I Zobucuq kəndində fəaliyyət göstərir. Füzulil rayon MKS-i 2009-cu ildə kitabxananın yeni veb-saytını oxucuların istifadəsinə təqdim etmişdir.

 

QUBADLI RAYONU

 

Rayonun ərazisi: 800 km2

Əhalisi :35,7 min nəfər (01.01.2006)

 

Qubadlı rayonu 1993-cü il 31 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində Qubadlıda 85 kitabxana, 10 mədəniyyət evi, 28 klub, 6 avtoklub,  25 kino qurğusu dağıdılmış və talan edilmişdir. İşğaldan əvvəl  rayon ərazisində memarlıq abidələri, mağara-ibadətgah (IV əsr), qalalar (V əsr), türbələr ( XIV-XVII əsrlər), məscid (XIX əsr), körpü (1867-ci il) və s. qeydə  alınmışdır. Qubadlı rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1977-ci ildə təşkil edilmişdir. 1 rayon Mərkəzi və 84 kütləvi kitabxana filialı əsasında Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. 1992-ci ilin məlumatına görə rayon MKS-nin 132 nəfər əməkdaşı olmuşdur. Qubadlı rayon MKS-nin kitab fondu 600 min  nüsxə, oxucuların sayı 21 min  nəfər təşkil etmişdir. Qubadlı rayon MKS-i hər il respublika və rayon əhəmiyyətli “Məhsul bayramı”nın keçirilməsində iştirak etmişdir. Qubadlı rayonunda kitabxana və kitabxana filialllar xüsusi binalarla təmin olunmuşdur. Qubadlı rayonunun 1993-cü il 31 avqust tarixində erməni silahlı birləşmələri tərəfindən işğal  olunması nəticəsində 85 kitabxana və kitabxana filialı  dağıdılmış və talan edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 880 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Qubadlı rayon Mərkəzi Kitabxanası  Sumqayıt şəhəri, 41-ci məhəllə, “28 may” Mədəniyyət evində  fəaliyyət göstərir. Qubadlı rayon MKS-i 2009-cu ildə kitabxananın yeni veb-saytını oxucuların istifadəsinə təqdim etmişdir.

ZƏNGİLAN RAYONU

 

Rayonun ərazisi: 707 km2

Əhalisi 40 min 500nəfər (01.01.2011)

 

Zəngilan rayonu 1993-cü il 29 oktyabr tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğaldan əvvəl  rayon ərazisində tarix memarlıq abidələri, türbə (1304-1305-ci illər), sərdabələr (XII-XIV əsrlər), dairəvi bürc (XIV əsr) qeydə  alınmışdır. Rayonda  Tarix - Diyarşünaslıq Muzeyi, Xalqlar Dostluğu Muzeyi, 3 yeddiillik musiqi məktəbi, 70 kitabxana dağıdılmış və talan edilmişdir. Zəngilan rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 1976-cı ildə təşkil edilmişdir. 1 rayon Mərkəzi 3 şəhər, 1 qəsəbə, 65 kənd kütləvi kitabxana əsasında Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. 1991-ci ilin məlumatına görə rayon MKS-də 158 nəfər əməkdaş çalışmışdır. Zəngilan rayon MKS-nin kitab fondu 490 min  nüsxə, oxucuların sayı 20 min  nəfər təşkil etmişdir. Zəngilan rayon MKS-i hər il respublika və rayon əhəmiyyətli “Məhsul bayramı” və ”Novruz bayramı” tədbirlərinin təşkilatçısı olmuşdur. Zəngilan rayonunun 1993-cü il 29 oktyabr tarixində erməni silahlı birləşmələri tərəfindən işğal  olunması nəticəsində rayonun mərkəzindəki 1 mərkəzi, 1 uşaq, 1 gənclər, 1 şəhər, 1 qəsəbə habelə rayonun kəndlərdə fəaliyyət göstərən 70 kitabxana filialı  dağıdılmış, məhv edilmiş və burda saxlanılan nadir kitablar talan edilmişdir.  İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 660 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Zəngilan rayon Mərkəzi Kitabxanası  Bakı şəhərində Nərimanov rayonu H.Məmmədov küçəsi 11 ünvanında  fəaliyyət göstərir.  

 

AĞDƏRƏ RAYONU

 

Rayonun ərazisi: 1705  km2

Əhalisi  44,4 min nəfər (01.01.1990)

 

            1930-cu ildə Ağdərə rayonunda 1 şəhər tipli qəsəbə və 57 kənd mövcud olmuşdur. Qeyd: 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra 1992-ci ildə Ağdərə rayonu üç qonşu rayon  Kəlbəcər, Tərtər, Ağdam arasında bölüşdürülmüşdür. 400 minə yaxın fonda malik olan Ağdərə rayon MKS-i 1978-ci ildə 61 kənd, 4 rayon kütləvi kitabxanası əsasında təşkil olunmuşdur. Ağdərə rayonunun ərazisi 7 iyul 1993-cü il tarixində erməni separatçıları tərəfindən işğal olunması nəticəsində rayonun 65 kitabxana binası dağıdılmış və talan edilmişdir. İşğal nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 300 min manat həcmində maddi ziyan dəymişdir.

XOCALI RAYONU

 

Rayonun ərazisi  936  km2

Əhalisi 25 min nəfər (01.01.2011)

 

            Xocalı rayonunun ərazisi 1991-1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Rayonda 1 şəhər, 2 qəsəbə, 46 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. İşğaldan əvvəl Xocalı  rayon ərazisində XVIII əsrə aid Əsgəran qalası, qədim memarlıq abidələri, bizim eranın XIII-XIV əsrlərinə aid edilən səkkiz guşəli günbəz,  türbələr və əsasən  son tunc və erkən dəmir dövrünə  (b.e.əvvəl XIV-XIII əsrdən VII-VI əsrə) aid edilən Xocalı abidələri kompleksi 5 adda 11 nəhəng torpaq kurqan, daş kurqanlar, torpaq-daş kurqanlar, siklop tikililər (Qalaçalar), nekropollar, menhirlər (5-10 ton ağırlığında nəhəng sivri daşlar), daş sənduqə qəbirlər, daş kitabələr, daş qutular və Alban kilsələri qeydə alınmışdır. İşqaldan əvvəl rayon ərazisində 69 kitabxana, 8 mədəniyyət evi, 60 klub, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikada kitabxanaların vahid bir mərkəzdən idarə olunması məqsədi ilə Əsgəran rayonunda 400 mindən çox kitab fonduna malik olan 69 kütləvi kitabxana əsasında Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. İşğala qədər Xocalı şəhərində 9 kütləvi kitabxana fəaliyət  göstərmişdir. İşğal nəticəsində rayonun ərazisində etnik təmizləmə əməliyyatı aparılmış, azərbaycanlılara məxsus maddi-mədəniyyət abidələri, o cümlədən kitabxana fondları məhv edilmişdir. Rayon ərazisində 69 kitabxana binasının dağılması və orada saxlanılan nadir və unikal nəşrlərin məhv edilməsi nəticəsində Azərbaycan Respublikasına təqribən 1 milyon 500 min manat həcmində maddi ziyan dəymişdir. 

XOCAVƏND RAYONU

 

Rayonun ərazisi  1458  km2

Əhalisi  40,8 min nəfər (01.01.2011)

 

1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Xocavənd rayonu Martuni (indiki Xocavənd)  və Hadrud rayonlarının bazasında yaradılmışdır. Xocavənd rayonu 2 oktyabr 1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğaldan əvvəl  rayon ərazisində 72 mədəniyyət abidəsi, dünya əhəmiyyətli Azıx mağarası, qalalar (I-VIII əsrlər), Alban məbədi (X əsr), türbə (XIII əsr) qeydə  alınmışdır. Xocavənd rayonunda 1 rayon Mərkəzi və 8 kitabxana filialı fəaliyyət göstərmişdir. 1992-ci ilin məlumatına görə rayon MKS-də 81 nəfər əməkdaş çalışmışdır. Xocavənd rayon MKS-nin kitab fondu 463 min nüsxə, oxucuların sayı 17 min  nəfər təşkil etmişdir. Xocavənd rayonunda kitabxana və kitabxana filialları xüsusi binalarla təmin olunmuşdur. Xocavənd rayonunun  2 oktyabr 1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayon kitabxanalarına indiki qiymətlə təqribən 1 milyon 700 min manat həcmində maddi ziyan dəymişdir. Hal-hazırda Xocavənd rayon Mərkəzi Kitabxanası  Beyləqan rayonunda  fəaliyyət göstərir. 

QAZAX RAYONUNUN 7 KƏNDİ

 

Qazax rayonunun 7 kəndi Bağanis Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Qızılhacılı, Xeyrimli, Sofulu erməni işğalı altındadır. Rayonun Bağanis  Ayrım kəndi 1990-cı ilin martın 23-də ermənilər tərəfindən işğal olunub. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulmuş, bir neçə ailə xüsusi amansızlıqla qətlə yetirilmiş və yandırılmışdır. Bu Azərbaycan tarixinə Bağanis Ayrım faciəsi kimi qara hərflərlə yazılmışdır. Qazax rayonunun digər Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Qızılhacılı, Xeyrimli, Sofulu kəndləri 1992-ci il aprel ayında erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. İşğal nəticəsində 8 kitabxana filialı və onlara məxsus 178 min 285 min nüsxə kitab yandırılmış və məhv edilmişdir. Qazax rayonunun kitabxana-informasiya şəbəkəsinə təqribi hesablamalara görə 180 min manat məbləğində maddi ziyan dəymişdir.

 

                                                       Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində                                                                               

  Azərbaycan kitabxanalarına dəymiş maddi və mənəvi ziyan haqqında

 

Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürülüb, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi, kitabxanaları qəddarcasına uçurub dağıtmışlar. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konversiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kitabxanalar və orada saxlanılan unukal və nadir kitab kolleksiyaları talan edilmiş və yandırılmışdır. Qarabağın mədəniyyət və təhsil mərkəzi Şuşa tarix memarlıq qoruğunun ərazisində yerləşən Pənah xanın tarixi kitabxanası, rəssam, görkəmli alim Mir Mövsüm Nəvvabın şəxsi kitabxanası, Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərində saxlanılan dəyərli kitablar erməni vandalları tərəfindən məhv edilmişdir. Onların çoxu Ermənistana aparılmışdır. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azəarbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 9 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 927 kitabxana və orada saxlanılan 4, 6 milyon nüsxə kitab talan və məhv edilmişdir. Bundan başqa, 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, momumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri işğal zonasında qalmışdır. Bunlarla yanaşı işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalareyası, 85 musiqi məktəbi işğal zonasında qalmışdır. Təqribi hesablamalara görə Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları həcmində maddi ziyan dəymişdir. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardımanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən cox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 32 kitabxana, 5 muzey, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

 

 

 

Mənbə: “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı buklet. (Tərtibçilər: Lətifə Məmmədova, Samir Abbasov)