Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Rayon haqqında
10 Fevral , 2015

Şəki şəhərinin qədimliyini, burada tarix-memarlıq abidələrinin çoxluğunu və bunun dünya mədəni irsində xüsusi yeri olduğunu nəzərə alaraq Respublika Nazirlər soveti 24 noyabr 1967-cı il tarixli qərarla şəhərin “Yuxarıbaş” hissəsini Tarix–memarlıq Qoruğu elan etmişdir. Memarlıq qoruğu və Şəki Xan sarayı dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.
Ulu babalarımızın bizə yadigar qoyduqları Xan sarayı, Şəki xanlarının evi, dairəvi məbəd, qala divarları qoruğun memarlıq incilərindən hesab olunur. Möminlərin ibadət yeri olan Cümə məscidi, Ömər Əfəndi məscidi, Xan məscidindən başqa məhəllə məscidləri də qoruq ərazisində yerləşir. Buradakı 1 və 3 saylı ipək əyirici və burucu fabrikləri də əhalinin ta qədimdən ipəkçilikdə texniki üsullardan istifadə etmələrindən xəbər verir.
O dövrdə Qoruq ərazisində tikilmiş beş karvansaradan ikisi indiyə qədər qorunub saxlanılmışdır. Mehmanxana kimi istifadə edilən Yuxarı Karvansara indi də turistlərin zövqünü oxşayan yerlərdən biridir.
“Yuxarıbaş”ı iki hissəyə bölən Qurcana çayı üzərində xüsusi memarlıq üslubu ilə tikilmiş tağlı körpülər bu ərazini birləşdirir.
Orta əsr memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı hamamlar da bu ərazidə yerləşir.
Xalqımızın milli sərvəti və iftixarı olan diyarşünaslıq, tətbiqi sənət, M.F.Axundovun, R.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərinin və Dövlət Rəsm qalareyasını da qoruq öz qoynuna almışdır.
Xalqımızın and yeri olan Şəhidlər Xiyabanı və 1941-1945-ci il ikinci Dünya Müharibəsi illərində həlak olan şəklilərin xatirəsinə ucaldılmış abidələri ziyarət etmək istəyənlər qoruq ərazisinə gəlirlər.