Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
15 Sentyabr , 2017
15 sentyabr 2017-ci il tarixdə Azərbaycanın bütün regionlarında olduğu kimi Şəkidə M.F.Axundzadə adına Mədəniyyət mərkəzində də kino mövsümünün açılışı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari xanım Zeynalova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kinomatoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz xanım Sultanzadə, “Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli və filmin aktyorlarından bir neçəsi iştirak edirdilər.
Tədbiri açıq elan edən Mirvari Zeynalova tədbir iştirakçılarını salamlayaraq yeni dərs ilinin başlanması münasibətilə tədris müəssisələrinin işçilərini təbrik etdi və işlərində uğurlar arzuladı. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli 2961 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin “Milli kinonun inkişafına dair tədbirlər haqqında” 8 avqust 2017-ci il tarixli 186 nömrəli əmrinə əsasən kino nümayişi işinin yaxşılaşdırılması məqsədilə hər ilin sentyabr ayının 15-i ölkədə kino mövsümünün açılışı günü kimi qeyd olunmasını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonra Mədəniyyət və Turizm Nazirliyinin Kinomatoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz xanıma söz verdi. Almaz xanım Azərbaycan kinosunun tarixindən və bu günündən söhbət açdı. Mədəniyyət və İncəsənətə böyük önəm verən Ümummilli Lider Heydər Əliyevin kino sahəsində çalışanlara diqqət və qayğısı böyük olub. Prezidentimiz İlham Əliyev bu siyasəti layiqincə davam etdirir. Bu gün regionu əhatə edən rayonlarda da kino mövsümünün açılışı ilə tədbirlərin keçirildiyini qeyd edən Mirvari xanım daha sonra bu gün Şəkidə nümayiş olunacaq “Qırmızı bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Sabir Rəhman adına Şəki Dövlət Dram Teatrının rejissoru Mirbala Səlimlini səhnəyə dəvət etdi. Mirbala müəllim film haqqında qısa məlumat verərək qeyd etdi ki, “Qırmızı bağ” filminin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Film üç “Altın kamança” mükafatına layiq görülüb. Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberq, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü” və Bolqarıstanın 9-cu “Sofia MENAR”, Avstriyanın LET`S CEE, Türkiyənin Alanya Beynəlxalq Film Festivallarında iştirak edib.
Daha sonra tədbir iştirakçılarını “Qırmızı bağ” filminə baxmağa dəvət edib.
Qeyd edək ki, Azərbaycan istehsalı olan sənədli, bədii və cizgi filmlərinin nümayişi il ərzində regionu əhatə edən bütün rayonlarında həftədə 3 gün olmaqla nümayiş olunacaq.