Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
29 Aprel , 2014

29 aprel 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə respublika kitabxanalarının direktorları, fəal kitabxanaçılar ilə yanaşı dövlət rəsmiləri, ziyalılar və ali məktəb kitabxanalarının direktorları da iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Sonra ölkə kitabxanalarının fəaliyyətinə həsr olunmuş foto və kitab sərgilərinə baxış keçirildi. Müşavirəni Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev açdı. O, öz çıxışında bildirib ki, Azərbaycanda kitabxanalar şəbəkəsi təkmilləşdirilməli, kitabxanalar öz şəbəkələri hesabına bir-biriləri ilə əlaqələr qurmalıdır: “Bu gün kitabxanalar yeni formatda fəaliyyət göstərməli və insanların tələbatlarına cavab verməlidir. Yalnız bu halda onlar oxucu auditoriyalarını genişləndirə bilərlər: “Turizmin inkişaf etdiyi rayonda bu sahə ilə bağlı ədəbiyyatlar olmalıdır. Bir sözlə, kitabxanaçı oturub gözləməməlidir ki, kimsə gəlib kitab oxuyacaq. Hesab edirəm ki, bu müşavirədə müzakirə olunacaq yeni təcrübə və yanaşmalar kitabxanaların iş üslublarının təkmilləşdirilməsinə təkan verəcək”. Müşavirədə qazanılan uğurlarla yanaşı nöqsanlardan da danışıldı. Müəyyən tapşırıqlar verildi. Daha sonra “Kənd Kitabxana-İnformasiya Mərkəzi” pilot layihəsinin və Milli Kitabxanada tətbiq olunan “ALİSA” proqramının təqdimatı keçirildi. Müşavirə bir neçə aparıcı kitabxanalarda seksiyalar üzrə iclasların keçirilməsi ilə başa çatdı.

                                                     KİTABXANAÇILARIN ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ