Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Avqust , 2018

1925-ci il avqust ayının 16-da Şəkidə, Mahmud kişinin ailəsində bir körpə göz açdı dünyaya. Adını “Bəxtiyar” qoyan valideynləri öz körpələrinin gələcəyini xoşbəxt görmək arzularını məhz bu cür ifadə etdilər. Amma yəqin heç ağıllarına belə gəlməzdi ki, balaca Bəxtiyar haçansa xalqının, millətinin başını uca edəcək, varlığıyla qürur duyula biləcək filosof-şair, qüdrətli ictimai-siyasi xadim kimi yetişəcək, Vətəninin, ölkəsinin qürur mənbəyinə çevriləcəkdir. Çünki zamanın sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacaran dəyərli söz sərkərdəmiz – Türk Dünyasının Bəxtiyarı 2009-cu ilin fevralından haqq dünyasının əbədiyaşar sakininə çevrilsə də, günü bu gün də gələcək nəsillərə mənəviyyat xəzinəsi kimi qoyub getdiyi zəngin mənəvi irsi kimi diridir, canlıdır, seviləndir. Nə qədər ki, sivil dünyamız mövcuddur, nə qədər ki, söz sənətimiz yaşayır, Bəxtiyar Vahabzadə poeziyası öz ucalığını, öz bənzərsizliyini qoruyub-saxlayacaq, Bəxtiyar günəşi öz ziyasını getdikcə artıracaqdır.

 

***

 

Dahi söz ustadımız, Xalq şairi Bəxtiyar Vahabzadənin növbəti doğum günündə Şəki ziyalıları, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər Bəxtiyar Vahabzadə adına parka gedərək, şairin abidəsi önünə gül-çiçək dəstələri düzdülər, xatirəsini yad etdilər.

Sonra tədbir Şəki ziyalılarının mənəviyyat məbədi sayılan Nakam adına MKS-da davam etdirildi.

“Poeziyamızın Bəxtiyarı” adlanan xatirə gecəsini kitabxananın direktoru Seyid Vahabov açaraq, mərasim iştirakçılarına Türk Dünyasının ünlü söz ustadı Bəxtiyar Vahabzadə və onun bənzərsiz ömür və yaradıcılıq yolu barədə ətraflı məlumat verdi. S.Vahabov qeyd etdi ki, Bəxtiyar Vahabzadə kimi söz nəhəngi təkcə ölkəmizdə tanınıb-sevilmir, o həmçinin ingilis, fransız, alman, polyak, ispan, macar, fars, türk və digər dünya dillərinə tərcümə olunmuş əsərləri vasitəsilə dünya oxucusunun da sevilən şairinə çevrilmişdir. O, əbədiyaşar əsərlərilə hələ sağlığında özünə ölməzlik heykəli ucaltmışdır. 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifi kimi tanınan və sevilən Bəxtiyar Vahabzadə, 20-dən artıq irihəcmli poemanın müəllifi kimi də Azərbaycan lirik-epik poeziyasının aparıcı simasına çevrilmişdir. Bir sıra dövlət mükfatları və fəxri adlara layiq görülmüş Bəxtiyar Vahabzadəyə 1985-ci ildə “Xalq şairi” adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının Milli Azadlıq Hərəkatı uğrunda mübarizəsindəki xüsusi xidmətlərinə görə, “İstiqlal” ordeni ilə təltif edilmişdir.

AMEA Folklor İnstitutunun böyük elmi işçisi, f.ü.f.d., şair-publisist Qiymət Məhərrəmli Xalq şairi Bəxtiyar Vahabzadəni Vətən, Millət, Haqq fədaisi kimi xarakterizə edərək, onun Azərbaycan poeziyasının inkişafı, eləcə də xalq, millət yolundakı əvəzsiz xidmətlərindən danışdı, xalqın sevilən vətənpərvər şairini “Türk Dünyasının poeziya günəşi” adlandırdı.     

Sonra söz “Bəxtiyar Vahabzadə ev-muzeyi”nin direktoru Elşən Zəkəriyyəbəyliyə verildi. Natiq öz çıxışına şairin şeirlərindən parçalar səsləndirməklə başladı. Xalq şairinin adına ev-muzeyinin yaradılması üçün 2015-ci ildən dövlət tərəfindən sərəncam verildiyini və artıq bir ildir ki, bu müqəddəs məbədin öz qapılarını ziyarətçilərin üzünə açdığını diqqətə çatdırdı. Qeyd etdi ki, ev-muzeyi nadir eksponatlarla zənginləşdikcə, buraya gələn qonaqların da sayı getdikcə artır. Xalq öz dahi şairini ürəkdən sevir və onu həmişə ehtiramla xatırlayır. İnanırıq ki, Bəxtiyar Vahabzadə dühası öz əzəmətiylə bütün sonrakı əsrlərin qədirbilən insanlarını da heyrətdə saxlayacaqdır.

Çıxış edən digər poeziyasevərlər də Bəxtiyar poeziyasının əbədiyaşarlığını diqqətə çatdıraraq, şairin Şəki və bütövlükdə Azərbaycan ədəbi mühitindəki silinməz izindən danışdılar.

S.Vahabov sonda bir daha Xalq şairi Bəxtiyar Vahabzadənin ölməz xatirəsinə ehtiramını ifadə etdi, mərasim iştirakçılarına və tədbiri işıqlandıran “ARB” kanalının əməkdaşlarına təşəkkürünü bildirdi.

Foto Qalereya