Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
17 Yanvar , 2019

17.01.2019 – cu il tarixdə Nakam adına Mərkəzi kitabxanada 20 yanvar şəhidlərinin xatirəsini yad etmək üçün “Qəhrəmanlıq tariximizin 20 yanvar səhifəsi” adlı xatirə gecəsi keçirildi. Tədbirdə Şəhidlərin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Sonra əməkdaşlarımız Y.Sadıqlı və A.İsmayılova ardıcıl olaraq 20 yanvar haqqında xatirələrini bölüşərək qeyd etdilər ki, “Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və  Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır”. Və bir də qeyd olundu ki, “1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi”.

         Tədbirdə həmçinin 20 yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndi və videoçarx nümayiş olundu.

         Sonda  dəhşətli hadisəni əks etdirən “20yanvar-əsarətin son gecəsi” adlı sərgiyə baxış oldu.

 

Foto Qalereya