Respublikamızda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək
Mart ayının 28-dən etibarən Gəncə şəhərində “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının açılış mərasimi baş tutacaq.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı respublikamızın 15
regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı
ilə keçiriləcək Festival Azərbaycanın bütün regionlarının bir-birinin
mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına
imkan yaradacaq. Eyni zamanda bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə zəmin olacaq.
İki hissədən ibarət olan Bölgələrdən bölgələrə” yaradıcılıq
festivalının birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert
proqramına həsr ediləcək.
Sərgi çərçivəsində festival çadırları
qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq
nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənəcək. Bundan
başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq.
Konsert proqramında isə musiqiçilər, rəqs qrupları, folklor kollektivləri, qiraət ustalarının çıxışları yer alacaq.
Qeyd edək ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Mədəniyyət
Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki,
keçirilir. Yaradıcılıq festivalı iki ay davam edəcək. Beləki, festivalın
mart ayında Gəncə və Ağstafada, apreldə Kürdəmir, Ağdaş, Saatlı,
Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, may ayında isə Lerik,
Masallı, Şəmkir, Balakən, Şamaxı şəhərində keçiriləcəyi planlaşdırılır.