Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
14 Sentyabr , 2019

14 sentyabr 2019-cu il tarixdə Mərkəzi kitabxanada Mir Cəlal Paşayevin həyat və yaradıcılığını əks etdirən elmi-nəzəri konfrans keçirildi. Konfransı kitabxananın abonement bölməsinin müdiri D.Yaqubova açdı. O, iştirakçılara M.Cəlalın həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Yazdığı əsərlərdən və kitabxanada olan kitablardan danışdı.Qeyd etdi ki, Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda, 1918-ci ildə atası vəfat etmiş, o, böyük qardaşının himayəsində yaşayıb.Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırmışdır. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər ", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir. Mir Cəlalın "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır" romanlarında keçmiş, "Açıq kitab", "Yaşıdlarım", "Təzə şəhər" romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının "İnsanlıq fəlsəfəsi"  kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. "İnsanlıq fəlsəfəsi", "Subaylıq fəlsəfəsi", "Təzə toyun nəzakət qaydaları", "Vicdan mühakiməsi", "Vicdan əzabı", "Hesab dostları", "Təsadüf, ya zərurət", "Qocaların uşaq söhbəti" və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

Sonra çıxış üçün söz 21 №-li məktəbin tarix müəllimi Tərlan İsgəndərova verildi. O, çıxışını yazıçının “Bir gəncin manifesti” əsərinin ətrafında quraraq digər əsərlərinin motivlərinə də toxundu. O qeyd etdi ki, Mir Cəlal XX əsr Azərbaycanın ədəbiyyat, mədəniyyət və elm tarixində    şöhrət tapmış parlaq  şəxsiyyətlərdən biridir. O, yetmiş illik  ömrünün tam yarım  əsrini çətin, lakin mənalı  və şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq  işinə həsr etmişdir.

Mir Cəlal Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində  anadan olub. Lakin sonralar ailəsi Gəncə şəhərinə köçüb, ibtidai təhsilini burada alıb, uşaqlıq və  gənclik illərini bu şəhərdə keçirib.

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə demək olar ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi.

Mir Cəlalın yaradıcılığında "Bir gəncin manifesti” romanının müstəsna mövqeyi var. Əsərdə ingilis hökumətinin Azərbaycana marağı müstəmləkə rejiminə kəskin tənqidi münasibət, anti-müstəmləkə əhval-ruhiyyəsinin bədii inikası kontekstində əks olunur. İngilis müstəmləkəçilərinin ünvanına səslənən sərt tənqidlər yalnız müstəmləkəçiliyin mahiyyətini açmağa istiqamətlənmir, həm də sovet hökumətinin Azərbaycana gəlişinin məqsəd və məramı haqqında assosiativ düşüncələrə meydan verir.

  Bütün bunlar öz yerində. Romanda təsvir edilən hadisələr öz tarixi səciyyəsi ilə diqqəti daha artıq cəlb edir. Assosiativ düşüncə istiqamətilə bərabər, əsəri tarixi planda araşdırmağı zərurətə çevirir. Roman son dərəcə gərgin, mürəkkəb ictimai-siyasi hadisələrlə zəngin olan Azərbaycan Demokratik Respublikası dövründə cərəyan edən taleyüklü məsələləri öz içinə alır. ADR-in yaşaması, özünü təsdiq etməsi, dünya dövlətləri tərəfindən tanınması uğrunda aramsız çalışmalar, Azərbaycan uğrunda böyük dövlətlərin diplomatik mübarizəsi, Rusiyada bolşevik inqilabının qələbəsi, Azərbaycana səpilən inqilab toxumları, həm siyasi, həm də ictimai səviyyədə Azərbaycan-erməni qarşıdurması, ermənilərin Azərbaycanın müstəqil dövlətçiliyinin möhkəmlənməsinə aktiv siyasi müqaviməti, bu istiqamətdə davam edən erməni-rus diplomatiyası dövrün tarixi reallıqları idi. Romanda bu reallıqların bədii əksi varmı? Və ümumiyyətlə, romanda təsvir edilən hadisələr dövrün reallıqlarını nə dərəcədə əks etdirə bilir? 

  Tarixi dövrün mənzərəsini necə əks etdirdiyini düzgün təsəvvür etmək üçün romandakı ingilis obrazlarının üzərində xüsusi dayanmaq lazım gəlir. Çünki, məhz bu obrazlar 1918-1919-cu illərdə Azərbaycanda baş verən siyasi hadisələrin romandakı inikasını başa düşmək üçün açar ola bilər. 

         Iştirakçıların da interaktiv çixişları ilə tədbir maraqlı keçdi. Qeyd edim ki, əksəriyyət iştirakçılar “Asan xidmət” könüllüləri və eyni zamanda kitabxanamızın oxucuları idi.

Foto Qalereya