Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
15 Oktyabr , 2019

15 oktyabr 2019-cu il tarixdə Şəki mərkəzi kitabxanada “Müstəqil Azərbaycan 28 ildə” adlı dəyirmi masa keçirildi. Tədbirdə bir qrup gənclər iştirak edirdi. Əvvəlcə Oxu zalının müdiri Y.Sadıqlı tədbiri açıq elan etdi. O, müstəqilliyin tarixindən və bu günündən oxuculara bir sıra məlumat verdi.Qeyd etdi ki, Əsrlər boyu respublikamızın ərazisi hərbi yürüşlərə və qəsblərə məruz qalmışdır. Məhz bunun nəticəsidir ki, ölkəmiz öz ərazisinin böyük bir hissəsini itirmişdir.Azərbaycan torpaqlarını bölüşdürmək uğrunda 1804-1813-cü illərdə baş verən Rusiya-İran müharibəsi Rusiya imperiyasının qələbəsi ilə başa çatdı. 1813-cü il oktyabr ayının 12-də Qarabağın Gülüstan kəndində Vətənimiz iki yerə bölündü.

Deyirlər yıxılana balta çalmazlar. Lakin 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi vətənimizə baltanı kökündən vurdu. 280 min km2 sahəyə malik olan  Cənubi Azərbaycan torpaqları İrana, 130 min kmsahəyə malik olan Şimali Azərbaycan torpaqları Rusiyaya verildi. Əti dırnaqdan ayıran tək vətənimizin şimalını cənubundan ayırdılar.Rusiyanın işğalçı siyasəti bununla bitmədi. 1860-cı ildə Dağıstan vilayəti yarananda dədə-baba torpağımız olan Dərbənd onun tərkibinə qatıldı.Elə bu vaxtlarda ermənilərin torpaqlarımıza kütləvi şəkildə köçürülməsi başladı. Bu siyasətin nəticəsi İrəvan xanlığının başında çatladı. 1918-ci ildə Rusiyanın təzyiqi ilə sahəsi 9 min km2 olan İrəvan xanlığı ermənilərə verildi. Nizami Gəncəvinin sevə-sevə vəsf etdiyi Ərmən torpağına kökləri bəlli olmayan ermənilər yiyələndilər.

Bütün bunlar bəs deyilmiş kimi bizimlə Qarabağ savaşına başladılar...Qarabağ...Azərbaycan kimi şah ölkənin tacı...Tacı isə başda gəzdirərlər. Çox-çox təəssüflər olsun ki, Azərbaycanımızın bu dilbər guşəsini qoruya bilmədik. 1988-1994-cü illər ərzində Qarabağı və onun ətrafında olan 7 rayonu itirdik. Odu-ocağı yağmalanmış, torpağı tapdalanmış, sərvəti talanmış bu elin həsrəti hamımızın qəlbini göynədir. Başı qarlı Şahdağımızın, Qoşqarımızın, göylərə baş çəkən Göyəzənimizin vüqarı əyilmişdir, İsa bulağının həsrət çəkən gözləri kor olmuşdur...

 Sonra çıxış üçün sözü Abonement bölməsinin müdiri D.Yaqubovaya verdi.

Çıxışinda D.Yaqubova qeyd etdi ki,Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən doğulanda ilk olaraq anasını görürsə, ilk qədəmlərini vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə vətənsiz yaşaya bilmir.Doğma vətənim Azərbaycan müxtəlif fikirli və əqidəli övladları birləşdirən yeganə anadır. O ana sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı ki, övladları arasında heç bir fərq qoymur, hamısını böyük məhəbbətlə ağuşuna alır. Bəs Vətən haradan başlanır? – Vətən sərhəddən başlanır. Vətən məndən, səndən, ondan başlanır. Demək, sərhəd dedikdə, mən, sən, o nəzərdə tutulur. Yəni Azərbaycan torpağının üzərinə səpələnən hər bir azərbaycanlı bu torpağın düşmən çəpəri və yaxud sərhədinin keşiyində duran şanlı əsgəridir.Vətəni qorumaq, Vətən üçün yaşamaq, Vətən üçün ölmək şərəflidir! Doğrudur. Hamımız Ana torpağın üzərində yaşayır və son mənzilmizə kimi ona da tapşırılırıq. Bu da təbiidir. Axı, Vətən anadır. Onun qədrini bilməliyik. Torpağı qoruyarsan  Vətən olar, qorumasan kəfən. Oğul var  evdən gedər, oğlu var eldən. Övlad olmaq şərt deyil, gərək vətəndaş, vətənpərvər varis olasan. Deyirlər cənnət vətəndə, ayaqlarının altında, tokkuşan qılıncların kölgəsindədir.

Sonra tədbir iştirakçılarından İlyasova Bəyimxanım (Bayraq. Zaur İlhamoğlu) və Salmanova Rəvanə (Ulu bir sərkərdə, ulu bir öndər.Qabil Ədalət)şeir söylədilər.

Sonra D.Yaqubova qeyd etdi ki, Hal-hazırda vətənimiz torpaq uğrunda döyüşlərdədir. Bu gün biz ermənilər işğal edən bir neçə ərazimizi şəhidlərin qanı bahasına, güclü və nizamlı ordumuzun sayəsində azad etdik. Digər torpaqları da tezliklə rəşadətli ordumuzun və qanı damarlarında coşan könüllülərimizin sayəsində azad edəcəyik. Çünki torpaq xalqındır. Torpaqdan pay olmaz!  Bu yerdə Vahabzadə Bəxtiyarın “Torpaqdan pay olmaz” adlı şeirindən bir bənd yadıma düşdü.

Cəddimin yatdığı ulu torpağı,
Sinəsi sərvətlə dolu torpağı,
Mən sənə pay verim?
Mən qul, sən ərsən?
Sən məni bu qədər axmaq bilirsən?

İnşallah, bir gün Azərbaycanımızı əvvəlki  kimi bütöv və müstəqil görərik. Buna ümid edək. Ümidlərimizin doğrulması diləyi ilə.

Sonda “Müstəqillik yollarında” başlıqlı sərgiyə baxış oldu.

 

Foto Qalereya