Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Xəbərlər
16 Dekabr , 2019

Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəbcə doğru yol göstərən‎‎) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur.  İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Hələ uşaqkən atasını itirən Hadinin anası onu və bacıları Sahibə və Əsmanı ata qohumlarının himayəsinə buraxaraq Sulut kəndində varlı biri ilə evlənmiş, bundan sonra uşaqlara böyük nənələri Əbdülsəlimin anası Teyyibə xanım baxmışdır. Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsində böyük əmək sərf etmişdir. Nənəsinin vəfatından sonra M.Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir. M.Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmiş, oxuduğu klassik ədəbiyyat, tərəqqipərvər alim və mütəfəkkirlərin əsərləri onda yaxşı bilik ehtiyatı yaratmışdı. Böyük bir ədib olmaq arzusu ilə yaşayan gənc şair xaricdə təhsil almaq istəsə də, maddi imkanı olmadığından bu arzusu ürəyində qalmışdı. 25 yaşına qədər nə bir qəsidəsi, nə də bir aşiqanə qəzəli olmayan şairin mətbuat aləminə gəlişi 1905-ci ilin ortalarına təsadüf edir. M.Hadi mətbuatdakı şeirləri ilə oxucuların hörmətini qazanmaqda idi. Onu yaxından tanıyan, yaxın dostu Mustafa Lütfi Həştərxanda "Bürhani-Tərəqqi" qəzetini nəşr edirdi və onun M.Hadi kimi qüdrətli qələm sahibinə böyük ehtiyacı var idi. Onun çağırışına görə M.Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. M.Hadi "Həyat", "Füyuzat" və "Bürhani-Tərəqqi" qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. M.Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib "Füyuzat" məcmuəsində işə başlayır,buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş nəşrinə çalışır. "Füyuzat" qapandıqdan sonra o, "Tazə həyat" və "İttifaq" qəzetlərində işləyir. 1911-1912-ci illərdə "Tənin" qəzeti ilə yanaşı, "Rübab", "Şahbal", "Məhtab", "Şahrahi-səbah" kimi müxtəlif mətbuat orqanlarında da M.Hadininşeirləri, məqalələri və tərcümələri çap olunmuşdur. Şair "İqbal" qəzeti ilə yanaşı 1914-cü il aprel ayının 12-də Hacı İbrahim Qasımovun redaktorluğu ilə nəşrə başlayan "Bəsirət" qəzeti ilə yaxından əlaqə saxlamış, həm müharibəyə gedənə qədər, həm müharibədə olduğu zaman, həm də cəbhədən qayıdandan sonra əsərlərini bu qəzetdə dərc etdirmişdir. M.Hadinin "Bəsirət"lə əməkdaşlığı qəzetin redaktoru Hacı İbrahim Qasımova ithaf etdiyi "Yadi-vətən" şeiri ilə başlamışdır. Qəzetdə "Şirvanı Əbdülsəlimzadə Məhəmməd Hadi" imzası ilə çıxan bu şeir M.Hadinin "Eşqi-möhtəşəm" kitabında da dərc olunmuşdur. Elmi-publisistik məqalələr və orijinal şeirlərindən başqa "Həyat" qəzetində M.Hadinin bir sıra tərcümələri də nəşr olunmuşdur. Əli bəy Hüseynzadə tərəfindən "Füyuzat"da işləməyə dəvət olunana qədər M.Hadi bir müddət Həştərxanda yaşayır və "Bürhani-tərəqqi" qəzetində çalışır. Tam 1 il - 1906-cı ilin 1 noyabrından 1907-ci ilin 1 noyabrına qədər Əli bəy Hüseynzadənin redaktorluğu, Hacı Zeynalabdin Tağıyevin maddi yardımı və imtiyaz sahibliyi ilə Bakıda, Nikolayevski küçəsindəki "Kaspi" məətbəsində çap olunan "Füyuzat" jurnalının ən fəal yazarlarından biri və bəlkə də birincisi Məhəmməd Hadi olumuşdur. "Füyuzat"da Məhəmməd Hadinin şeirləri ilə bərabər onun inqilabi-ədəbi görüşlərini əks etdirən məqalələrinə və tərcümələrinə də geniş yer ayrılırdı. 

Əli Nəzminin xatirələrində yazdığına görə, 1920-ci ilin baharında Gəncə üsyanından bir neçə gün sonra Məhəmməd Hadinin xəstəxanada vəfat etdiyi güman olunur.

Foto Qalereya