Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
15 Yanvar , 2020

15yanvar 2020-ci il tarixdə Şəki mərkəzi kitabxanada  20 Yanvar  faciəsi ilə əlaqədar “30 yaşlı Qanlı Yanvar” adlı ədəbi-bədii kompozisiya keçirildi. Kompozisiyada iştirakçılar Asan xidmət könüllüləri, tamaşaçılar isə gənclərdən ibarət idi.

Tədbiri kitabxananın bölmə müdiri D.Yaqubova açdı. O çıxışında gənclərə hadisənin təfərrüatlarından danışaraq qeyd etdi ki, Qara Yanvar hadisələrindən 30 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 30 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.

Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcəkdir.

Sonra tədbir öz ahəngi ilə“Vətənçün ölənlər yaşayacaqlar” adlı kompozisiya ilə davam etdi. Tarda müşaiət olunan həzin musiqi sədaları altında Nərmin, Elazə, Elvin və İbrahimin ifalarında şəhidlərə həsr olinmuş şeirlər səsləndirildi.  Sonda “20 yanvar-Əsarətin son gecəsi” adlı sərgiyə baxış oldu.

Foto Qalereya