Şəki şəhər Mərkəzi kitabxanası

Şəki şəhər MKS
Tədbirlər
25 Fevral , 2020

25 fevral 2020 il tarixdə  Şəki şəhər İ.S.Nakam adına mərkəzi kitabxanada Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Unutmadıq, unutmarıq” adlı dəyirmi masa təşkil olunmuşdu.

İlk öncə Xocalı faciəsinin qurbanları və torpaq ugrunda canını fəda edən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Abonement bölməsinin müdiri Dilbər Yaqubova faciə haqqında qısa məlumat verərək qeyd etdi ki, 1992-ci ilfevralın 25-dən26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın366-cı motoatıcı alayıXocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım törətmişdir. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, 4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Sonra kitabxananın əməkdaşı Şəfa Mustafayeva cıxış edərək qeyd etdi ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.

Sonra iştirakçılar soyqrım haqqında öz fikirlərini bildirdilər. Həvəskar şairə Gülnarə Nəsibova faciə ilə  əlaqədar yazdığı “Quldur” şeirini iştirakçılara söylədi. Sonda “Xocalı-Susmayan yaddaş” adlı sərgiyə baxış oldu.

Foto Qalereya